03/06/2026

Bakıda “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans keçirilib

3 iyun 2026-cı ildə ölkəmizdə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfrans keçirilib.

Hindistan hökumətinin repressiv və sistemli ayrı-seçkilik siyasətindən əziyyət çəkən Dalit icmasının nümayəndələri də ilk dəfə olaraq ölkəmizdə keçirilən tədbirlərə qatılıblar. Tədbirdə həmçinin, Zikh icmasının Kanada, Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, eləcə də beyin mərkəzlərinin rəhbərləri, insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən ekspertlər, Hindistan hökumətinin repressiv, irqçi və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak ediblər.

Konfransda Hindistan hökumətinin etnik və dini azlıqlara, xüsusilə Zikh və Dalit diasporalarının nümayəndələrinə və onların ailə üzvlərinə qarşı həyata keçirdiyi transmilli repressiya və sistemli təqib siyasətinin beynəlxalq təşkilatların gündəliyində daimi saxlanılması məsələləri müzakirə olunub. Eyni zamanda, repressiyalardan zərər çəkmiş diaspor təşkilatları arasında koordinasiyalı əməkdaşlığın gücləndirilməsi, transmilli təqiblərə qarşı ortaq hüquqi müdafiə mexanizmlərinin möhkəmləndirilməsi və beynəlxalq platformalarda birgə fəaliyyət istiqamətində fikir mübadiləsi aparılmışdır.

Qeyd edilib ki, cari ilin mart ayında Bakı Təşəbbüs Qrupu və Zikh Federation International tərəfindən birgə hazırlanmış “Sərhədləri aşaraq: Zikh diasporasına qarşı Hindistanın transmilli repressiyası” adlı hesabatda Hindistan hökumətinin ölkədən kənarda yaşayan diaspora nümayəndələrinə qarşı repressiv siyasəti və 1984-cü il Amritsar hadisələri barədə faktlar öz əksini tapmışdır.

Konfrans çərçivəsində Hindistanın etnik və dini azlıqlara qarşı siyasətinin tarixi, hüquqi və humanitar aspektləri ilə yanaşı, Azərbaycan ilə siqh icması arasında mövcud olan tarixi-mədəni əlaqələrin araşdırılması və bu istiqamətdə beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib. Bu məqsədlə tərəflər arasında gələcək birgə tədqiqatların və elmi mübadilənin təşviqinə xidmət edəcək mühüm addım atılıb.

Bakı Təşəbbüs Qrupu ilə Beynəlxalq Siqh Federasiyası arasında akademik, tarixi və mədəni tədqiqatlar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb. Tərəfdaşlıq birgə tədqiqatların aparılmasını, elmi dialoqun inkişaf etdirilməsini və mədəni mübadilənin təşviqini nəzərdə tutur. Tərəflər tədqiqatçıları, akademik qurumları və mədəniyyət təşkilatlarını bir araya gətirməklə tarixi biliklərin dərinləşdirilməsinə, mədəni irsin qorunmasına və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməyə yönəlmiş fəaliyyətləri həyata keçirməyi qarşıya məqsəd qoyublar.

Ən çox oxunanlar