13/03/2026

Cenevrədə Hindistanın Zikhlərə qarşı transmilli təzyiqlərinə qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans keçirilib

BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zikhlərin müqaviməti və BMT” adlı beynəlxalq konfrans keçirilmişdir.

Tədbirdə Zikh diasporunun Kanada, Böyük Britaniya, Avstraliya və ABŞ-dakı nüfuzlu nümayəndələri, həmçinin Hindistan hökumətinin repressiv, irqçi və təqibedici siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak etmişdir.

Konfransda Hindistan hökumətinin digər etnik icmalara qarşı həyata keçirdiyi təhdidlər və repressiv siyasət nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan, hazırda xarici ölkələrdə yaşayan etnik icmaların nümayəndələrinin — zikh fəallarının, diaspor təşkilatlarının rəhbər şəxslərinin, eləcə də onların ailə üzvlərinin Hindistan hakimiyyət orqanları tərəfindən son dövrlərdə artan hücumlara və terror təhdidlərinə məruz qalması faktları ətrafında müzakirələr aparılmışdır. Həmçinin təşkil olunmuş hücumların fundamental azadlıqlar və insan hüquqları baxımından yaratdığı ciddi risklər, diaspor təşkilatlarına qarşı yönəlmiş transsərhəd təzyiqlər və təhdidlər mövzusunda fikir mübadiləsi aparılmışdır.

Konfrans çərçivəsində beynəlxalq təşkilatların diqqətinin sözügedən məsələlərə yönəldilməsinin zəruriliyi, Hindistan hökumətinin ölkə daxilində və xaricində etnik azlıqlara qarşı repressiv siyasətinin BMT və onun müvafiq qurumlarının gündəliyinə çıxarılması imkanları, xüsusilə İnsan Hüquqları Şurası çərçivəsində mövcud prosedur və mexanizmlərin daha effektiv tətbiqi müzakirə olunmuşdur. Həmçinin BMT-nin transsərhəd, etnik azlıqlar və onların hüquqları üzrə ixtisaslaşmış məruzəçiləri tərəfindən Hindistan hökumətinin zikh icmasına qarşı həyata keçirdiyi qanunsuz təqib və təzyiq hallarının sistemli şəkildə sənədləşdirilməsinin, bu kimi halların qarşısının alınması məqsədilə qlobal səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin gücləndirilməsinin və Hindistan hökumətinin beynəlxalq müstəvidə məsuliyyətinin təmin olunmasının vacibliyi əsas müzakirə mövzusu olmuşdur.

Beynəlxalq konfransın ardınca Cenevrə Mətbuat Klubunda Bakı Təşəbbüs Qrupu və Zikh Federasiyası tərəfindən hazırlanmış birgə hesabatın təqdimatı keçirilmiş və media nümayəndələrinin sualları cavablandırılmışdır.

Ən çox oxunanlar