20/01/2025

Bakıda Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. 21 yanvar 2024-cü il, Bakı Azərbaycan

21 yanvar 2025-ci il tarixində Bakı Təşəbbüs Qrupunun və Reyunyon adasının müstəqilliyi uğurunda mübarizə aparan Ka Ubuntu təşkilatının birgə təşkilatçılığı ilə Fransanın müstəmləkəsi olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. 

“Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı beynəlxalq konfransda Reyunyon xalqının müstəqilliyi uğrunda mübarizə aparan siyasi liderlər, tədqiqatçılar, QHT rəhbərləri, tanınmış hüquq müdafiəçiləri, eləcə də dekolonizasiya üzrə aparıcı ekspertlər və media nümayəndələri iştirak edib.

Konfransda müstəmləkəçilik irsinin Reyunyondakı iqtisadi, siyasi və sosial fəsadları, Fransa hökumətinin yerli xalqın müstəqillik və azadlıq səylərinə ciddi maneələr yaratması faktlarla göstərilib.

İqtisadi baxımdan adanın Fransadan yüksək dərəcədə asılı olmasının yerli istehsalın zəifləməsi, yoxsulluq və işsizlik səviyyəsinin artmasına yol açdığı qeyd olunub. Siyasi sahədə isə, Fransa tərəfindən tətbiq olunan idarəetmə məhdudiyyətlərinin Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu və qərarvermə proseslərində iştirakını məhdudlaşdırdığı diqqətə çatdırılıb.

Tədbirdə Reyunyon xalqının suverenliyinin beynəlxalq səviyyədə tanınması üçün beynəlxalq hüquqi mexanizmlərin tətbiqi imkanları, habelə aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, Reyunyon xalqının hüquqlarının tanınması üçün qlobal səviyyədə koordinasiyalı fəaliyyətlərin və hüquqi dəstəyin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Reyunyonun azadlıq mübarizəsində mühüm rol oynayan “Ka-Ubuntu” müstəqillik hərəkatı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Bu memorandum, iki təşkilat arasında dekolonizasiya prosesinə dəstək verilməsi və beynəlxalq səviyyədə birgə təşəbbüslərin həyata keçirilməsi məqsədi daşıyır. 

Tədbirin digər vacib məqamı ondan ibarətdir ki, Ka-Ubuntu müstəqillik hərəkatı Reyunyon xalqının müstəqillik mübarizəsini qlobal miqyasda daha güclü dəstəkləmək məqsədilə Beynəlxalq Dekolonizasiya Cəbhəsinə qoşulmaq haqqında strateji qərar qəbul etmişdir.

Bu addım, Reyunyon xalqının hüquqlarının müdafiəsi və Fransa müstəmləkəçiliyinin aradan qaldırılması yolunda mühüm əhəmiyyət kəsb edir.

Ən çox oxunanlar