25/07/2025

Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər

Dekolonizasiya dialoqlarının mərkəzinə çevrilmiş Bakıda, Fransanın müstəmləkəçilik siyasətinin əsarətində qalmış Qvadelup adasına həsr olunmuş “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib.

Konfrans 25 iyun 2025-ci il tarixində Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatı (FKNG) tərəfindən birgə təşkil olunmuşdur.

Tədbirdə Qvadelupun müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyaların liderləri, ictimai təşkilatların nümayəndələri, alimlər və fəallar iştirak ediblər. Eyni zamanda, 2024-cü ilin iyulunda Bakıda yaradılmış Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi təqdimatla çıxış edib.

Konfransda Qvadelupun Fransanın dənizaşırı departamenti kimi saxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəst şəkildə müəyyən etmək hüququnu məhdudlaşdırması geniş şəkildə müzakirə olunub. Tarixi ədalətsizliklər, müstəmləkə cinayətləri, yerli Kalinago xalqının məhv edilməsi, işçilərin istismarı, sosial və iqtisadi bərabərsizlik, asılılığı qoruyub saxlayan inzibati strukturlar diqqətə çatdırılmışdır.

Tədbirdə həmçinin vurğulanıb ki, departament statusu Qvadelupda işsizliyin artmasına, gənclərin kütləvi şəkildə köç etməsinə, zorakılığın yayılmasına və ətraf mühitin çirklənməsinə səbəb olub. Xüsusilə zəhərli kimyəvi maddə olan xlordekonun yaratdığı ekoloji fəlakət geniş şəkildə müzakirə edilib.

Konfrans iştirakçıları BMT-nin müvafiq qətnamələrinə və dekolonizasiya üzrə hüquqi mexanizmlərinə Fransa tərəfindən əməl olunmadığını bildiriblər. Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq ictimaiyyətin gündəliyinə çıxarılmasının vacibliyi qeyd edilib.

Eyni gün, saat 19:00-da Bakının “Yaşıl Teatr”ında “Qvadelup və Azərbaycan ritmləri və rəqsləri” adlı mədəni konsert proqramı keçirilib. Bu tədbirdə hər iki xalqın musiqi və incəsənət nümayəndələri səhnə alıb, tamaşaçılar qarşısında çıxış ediblər.

Qvadelupun məşhur Lakou Veranda qrupu öz unikal ritmləri ilə iştirakçıları heyran qoyub, Azərbaycan musiqisi ilə Qvadelup musiqisinin harmoniyası maraqla qarşılanıb.

Fransa tərəfindən müstəmləkə əsarətində saxlanılan xalqların milli kimlikləri zəiflədilməyə çalışılıb, onların mədəni irsi uzun illər ərzində sistematik şəkildə boğulub.

Bu baxımdan, Bakıda keçirilmiş bu tədbir mədəni həmrəyliyin gücləndirilməsinə, eləcə də müstəmləkəçiliklə mübarizənin mədəni platformada davam etdirilməsinə töhfə verib.

Ən çox oxunanlar