19/05/2026

WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı ” mövzusunda tədbir keçirilib

19 may tarixində Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində A39 pavilyonunda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri - gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiyaların və təşkilatların nümayəndələri, eləcə də gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Çıxış edən qonaqlar müstəmləkə və neokolonial idarəetmə sistemlərinin doğurduğu dərin sosial-iqtisadi nəticələri, urbanizasiya prosesləri nəticəsində formalaşan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində mövcud kəskin çağırışları, eləcə də bu amillərin yerli əhali üzərində yaratdığı genişmiqyaslı və çoxşaxəli təsirləri müzakirə ediblər.

Çıxışlar zamanı iştirakçılar Azərbaycanın bu qlobal məsələyə xüsusi diqqət yetirməsini və bu istiqamətdə müzakirələr üçün platforma təqdim etməsini yüksək qiymətləndirərək təşəkkürlərini ifadə ediblər. Onlar qeyd ediblər ki, bu kimi təşəbbüslər beynəlxalq dialoqun dərinləşdirilməsi, ədalətli və inklüziv şəhər inkişafının təşviqi, eləcə də qlobal ədalət və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ən çox oxunanlar