03/06/2025

İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar

3 iyun 2025-ci il tarixində paytaxtımız Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

Bu tədbir, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransı olmuşdur. Konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, millət vəkilləri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, neokolonializmin tərkib hissəsi olan siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil edilib.

Beynəlxalq hüququn və BMT qətnamələrinin tələb etdiyi dekolonizasiya prosesinin kolonial güclər tərəfindən necə əngəlləndiyi, bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə yolları, təsirli mexanizmlərin həyata keçirilməsi və sistemli bərabərsizliklərin beynəlxalq səviyyədə aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.

Qeyd edək ki, səfərin ikinci günü qonaqlar ADA Universitetində və Azərbaycan Dillər Universitetində “Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda müəllim və tələbə heyəti üçün mühazirələr oxuyublar.

Ən çox oxunanlar