20/02/2026

Bakıda Neokolonializm və Qlobal Bərabərsizlik adlı konfrans keçirilib.

Paytaxtımız Bakı şəhəri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm və Qlobal Bərabərsizlik” adlı beynəlxalq konfransa ev sahibliyi edib. 

Konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılar iştirak edib. 

Tədbir çərçivəsində müxtəlif sosial və mədəni kontekstlərdə müstəmləkəyə məruz qalmış xalqların travmatik və sosial təcrübələri, müstəmləkə güclərinin qanunsuz fəaliyyətindən qaynaqlanan struktur problemlər və davam edən bərabərsizlik hallarının birbaşa öyrənilməsi, eləcə də bu təcrübələrin sənədləşdirilməsi, təhlili və beynəlxalq müstəviyə çıxarılması üçün məlumatlara əlçatanlığın təmin olunması məsələləri ətrafında müzakirələr aparılıb. Eyni zamanda, fərdi həyat hekayələrinin sənədləşdirilməsi və bu tipli materialların beynəlxalq platformalarda yayılması, xüsusilə kolonializmin əsarət altında yaşayan xalqlarda yaratdığı travmatik təsirlər və psixoloji nəticələrinin elmi tədqiqat obyekti kimi nəzərdən keçirilməsi məsələləri gündəmə gətirilib. Müzakirələrdə həmçinin rəqəmsal və elmi platformaların beynəlxalq təşkilatların müvafiq virtual sistemləri ilə inteqrasiyası, müstəmləkəçiliyi tədqiq edən beynəlxalq araşdırma qrupları, ekspertlər və məhkəmə materialları üçün əlçatanlığın təmin olunması məsələləri diqqət mərkəzində olub.

Konfrans tarixi baxımdan əhəmiyyətlidir: İlk dəfə olaraq antropoloqlar və psixoterapevtlər müstəmləkə əsarətindən təsirlənən yerli əhali ilə birbaşa işləyərək fərdi və qrup müsahibələr aparmış, travmatik təcrübələri qiymətləndirmiş, həyat hekayələrini sənədləşdirmiş, həmçinin sosial, mədəni və psixoloji təsirləri sistemli şəkildə qeydə almışlar. Toplanmış məlumatların və sənədlərin rəqəmsal platformalar vasitəsilə təqdim edilməsi akademik və ictimai diqqətin artırılmasına xidmət etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələndirilməsinə şərait yaradır. Xüsusilə bu məlumatlar BMT və onun strukturları — C-24 Komitəsi, İnsan Hüquqları Şurası və bu kimi qurumlarla sinxronlaşdırılaraq, müstəmləkə ərazilərində baş verən qanunsuzluqların, resursların qeyri-bərabər bölüşdürülməsinin və müstəmləkə ərazilərində yaşayan xalqların hüquqlarının pozulmasının beynəlxalq səviyyədə 

diqqət mərkəzində saxlanmasına xidmət etmişdir. Toplanmış materiallar beynəlxalq təşkilatlarla əməkdaşlıq edən məruzəçilər, ekspertlər və məhkəmələr tərəfindən istinad edilə biləcək etibarlı və şəffaf informasiya mənbəyi rolunu oynayır.

Qeyd: Konfransdan bir gün öncə, 18 fevral tarixində Müstəmləkəçiliyi qlobal səviyyədə əks etdirən dünyada ilk Virtual Muzeyin təqdimatı keçirilib və geniş ictimaiyyətə təqdim edilib. Bakı Təşəbbüs Qrupu tərəfindən yaradılan Virtual Muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilmiş ilk virtual platforma olacaq.

Ən çox oxunanlar